“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

16 aprel 2024, 13:53

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 10, maddə 704 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci maddənin mətni birinci hissə hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:

“Ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Birləşmə və ya ayrılma nəticəsində əhalisinin sayı 3000 nəfərdən və (və ya) ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla yol verilir.”.

2. 2-ci maddə üzrə:

2.1. birinci hissənin birinci abzasında “Bələdiyyələrin” sözü “Bu Qanunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulan halda bələdiyyələrin” sözləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə edilsin:

“Bu Qanunun 1-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan halda bələdiyyələrin birləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir:

1) birləşən hər bir bələdiyyə birləşmə ilə bağlı rəyini baxılmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir;

2) Azərbaycan Respublikasının Milli Məclisi əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyədə yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla həmin bələdiyyənin digər bələdiyyə ilə birləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə qərar qəbul edir.

Bu maddənin ikinci hissəsində müəyyən olunmuş qaydada yaranan bələdiyyənin adı birləşən bələdiyyələrin arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən edilir.”.

3. 3-cü maddənin mətnində “maddəsində” sözü “maddəsinin birinci hissəsində” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 aprel 2024-cü il

SƏNƏDLƏR Fərmanlar 01 iyun 2024
14:41
Azərbaycan Respublikası Prezidentinin “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” 2017-ci il 4 aprel tarixli 1313 nömrəli və “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma proseslərinin daha da sadələşdirilməsi haqqında” 2018-ci il 25 dekabr tarixli 434 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi...

01 iyun 2024, 14:41